Go to content
  1. Home>
  2. Servis>
  3. Zəmanət

Zəmanət

      

 

 

* Bu şərtlər 2016-cı il martın 1-dən sonra satılmış avtomobillərə şamil edilir. 

 

Kia ailəsinə xoş gəlmisiniz

 

Avtomobil seçərkən Siz etibarlı, təhlükəsiz, erqonomik və dinamik avtomobil arzulayırdınız? Arzunuz gercəkləşdi!

Kia Korporasiyasının bütün əməkdaşları adından Sizi, avtomobil sahibi olmağınızla bağlı təbrik edirik. Siz qürur mənbəyimiz olan KİA avtomobilin sahibi oldunuz.

 

Avtomobil istehsalında istifadə olunan ən müasir texnologiyalar sayəsində biz ən tələbkar sürücünün belə məmnuniyyətinə səbəb olacaq avtomobil yaratmağa müvəffəq olduq. Bu avtomobilin bü­tün istismar müddəti ərzində dinamik həyatınızda Sizin etibarlı yol yoldaşı olacağına əminik.

 

İstehsal etdiyimiz avtomobillərin etibarlığına əminlik Siz tərəfdən “Avtomobilin istismarına dair təlimat” və “Zəmanət və texniki xidmət” kitabçasında qeyd olunan tələblərə əməl olunduqda bizə Sizin avtomobilin hissə və aqreqatlarının saz işləməsinə ən azı 60 ay və ya 150 000 km yürüş müddətində (hansının daha tez bitməyindən asılı olaraq) zəmanət verməyimizə imkan verir.

 

Sizin avtomobilin Texniki Xidmətini və yarana biləcək nasazlıqla­rın yalnız Kia-nın orijinal ehtiyat hissələri və detallarından istifadə edərək aradan qaldırılmasını lazımi biliklərə və iş təcrübəsinə ma­lik Diler şəbəkəsinin mütəxəssisləri öz üzərinə götürəcək.

 

Kia Korporasiyası istehsal etdiyi avtomobillərin daim təkmilləşdirilməsi istiqamətində çalışır və “Zəmanət və texniki xidmət” kitabçasında qeyd olunan şərt və müddəaların qabaqcadan xəbərdarlıq etmədən dəyişmə hüququ­nu özündə saxlayır.

 

Rəsmi Distribütor öz vəzifəsini yalnız avtomobillərin satışı ilə məhdudlaşdırmayaraq, Azərbaycan üzrə Diler şəbəkəsinin daima genişləndirmə istiqamətində çalışır. Diler şəbəkəsinin mütəxəssisləri Sizə hər zaman yüksək səviyyəli xidmət göstərməyə və Sizi lazımi ehtiyat hissələri və aksessuarlarla təmin etməyə hazırdır. Kia avtomobillərin rahat istismarını təmin etmək öhdəliklərini biz öz üzərimizə götürürük.

 

Zəmanət nəyə şamil olunur

Qeyd olunan istisnalar və “Dövri Texniki Xidmət“ cədvəlinin tələblərə uyğun vaxtı vaxtında və tam şəkildə texniki xidmət göstərilən Kia avtomobilinin istənilən elementində zəmanət müddəti ərzində material və ya istehsal xassəli defekt aşkar olunduqda o, Servis Mərkəzi tərəfindən ödənişsiz təmir olunur və ya dəyişdirilir. Avtomobilin hissəsinin defektli olub-olmaması, onun dəyişdirilməsi və ya təmiri barədə qərar qəbul etmək hüququ yalnız Servis Mərkəzinə məxsusdur. Zəmanət üzrə görülən işlər zamanı dəyişdirilən bütün ehtiyat hissələri və materiallar istehsalçının mülkiyyətinə keçir.

 

Zəmanət müddəti

Avtomobilə verilən zəmanət müxtəlif elementlər üçün müxtəlif periodlara bölünüb. İstənilən halda, hər bir zəmanət müddəti yeni avtomobilin ilk sahibinə satışı tarixindən başlayır. Avtomobil digər şəxsə satıldığı halda bütün zəmanət öhdəlikləri avtomobilin yeni sahibinə keçir.

 

Zəmanət öhdəlikləri

Azərbaycan ərazisində istismar olunan Kia avtomobillərinin əsas elementlərinə zəmanət (spesifik və xüsusi qeyd olunan komplekləşdirici hissələrdən başqa) avtomobil birinci sahibinə satıldığı andan başlayaraq 60 ay və ya 150.000 km təşkil edir (bunlardan hansının daha tez bitməsindən asılı olaraq). Cadenza, Mohave və Quoris modelləri üçün isə yürüşə məhdudiyyətsiz 60 ay təşkil edir.

 

Avtomobil ilk alıcıya satıldıqda, odometrin göstəricisi 0 km-dən fərqli ola bilər.

 

İstisnalar

Burada sadalanan spesifik və xüsusi qeyd olunan detal və materiallara və həmçinin təbii aşınmaya* məruz qalan detallara əsas zəmanətdən fərqlənən zəmanət verilir. Bu detalların siyahısı “Təbii aşınmaya məruz qa­lan detallara şamil edilən zəmanət şərtləri” bölməsində verilib.

 

Akkumulyator

İstehsalçı tərəfindən avtomobilə qoyulmuş akkumulyatora zəmanət müddəti avtomobilin satış tarixindən başlayaraq 6 ay və ya 15 000 km (hansı tez bitərsə) təşkil edir.

 

Kondisionerin soyuducu qazı

İstehsalçı kondisionerin soyuducu qazının avtomobilin satış tarixindən 6 ay və ya 15 000 km (hansı tez bitərsə) kifayət qədər olmasına zəmanət verir. Kondisioner sisteminin elementlərinin İstehsalçı tərəfindən sıradan çıxması halında kondisionerin qazı zəmanət hesabına bərpa olunur.

 

Audio / audio-video naviqasiya sistemi

Avtomobilə quraşdırılmış audio / audio-video naviqasiya sistemi­nin və onların komponentlərinin zəmanət müddəti 36 ay və ya 60 000 km (hansı tez bitərsə) təşkil edir.

 

Katalitik neytrallaşdırıcı, his filtri

Katalitik neytrallaşdırıcının və his filtrinin sıradan çıxması ilə əlaqədar iddialar yalnız avtomobil 1 000 km yürüş edənədək və nasazlığın materialın və ya istehsalın defekti nəticəsində baş verdikdə qəbul olunur.

 

 

Təbii aşınmaya* məruz qalan detallara şamil edilən zəmanət şərtləri

Avtomobilin istismarı zamanı, xüsusən də gündəlik yürüş göstəriciləri böyük olduqda, servis xidməti və tənzimləmə işlərinin daha tez-tez keçirilməsi zərurəti yaranır. Belə olduqda, yaranan nasazlıqlar materialın, detalın defekti və ya zavodun istehsal xətaları ilə yox, təbii aşınma* ilə əlaqəli ola bilər. Bu kimi nasazlıq­lar istehsalçının xətası sayılmır.

 

Avtomobil ilk sahibinə satıldığı andan 12 ay və ya 15 000 km (hansı tez bitərsə) ərzində nasazlığın səbəbi materialın və ya istehsa­lın defekti olarsa zəmanət üzrə dəyişdirilə biləcək daha çox təbii aşınmaya məruz qalan detalların siyahısı:

- filtrlər (hava, yağ, yanacaq və s.);

- fara, fənər və plafonların lampaları, işıq diodları, neon və ksenon lampalar;

- qoruyucular;

- şüşəsilənlərin şotkaları;

- əyləc qəlibləri;

- əyləc diskləri və barabanları;

- friksion disklər, ilişmə diskləri, ayırıcı podşipniklər və ilişmə səbətləri;

- yüksək gərginlik naqilləri;

- alışdırıcı şamlar, qızdırıcı şamlar;

- rezin şlanqlar, borular;

- mühərrikin asma aqreqatlarının ötürücü qayışları;

- rezin qoruyucu örtüklər, tozluqlar və vtulkalar;

- qapıların, baqaj bölməsi qapısının, qapı pəncərələrinin, ön və arxa şüşələrin, nəfəsliklərin və damdakı lyukun rezin kipləşdiriciləri;

- avtomobilin xaricetmə sistemi (katalitik neytrallaşdırıcı və his filtrindən başqa)

Diqqət: avtomobilin xaricetmə sisteminin metal detallarında korroziyanın əmələ gəlməsi detalın zəmanət üzrə dəyişdirilməsi üçün əsas sayılmır;

- avtomobilin gövdəsinin və interyerinin xrom örtüklü və dekora­tiv elementləri.

- şüşələr, şüşə tavan və lyuklar;

 

Avtomobilinizin aşağıda qeyd olunan detalları üçün təbii/normal aşınmanı nəzərə almaqla, zəmanət müddəti aşağıdakı kimi nəzərdə tutulub:

  - köndələn sabitlik stabilizatorunun dayaqları və vtulkaları, linglərin rezin-metal saylent-blokları və amortizatorların yuxarı dayaq­ları, amortizatorlar, asqı və sükan sisteminin kürəvari şarnirləri: 1 il və ya 15 000 km-dək (hansı tez bitərsə);

 - kardan şarnirləri və valların şlisli birləşməsi, təkər topunun podşipnikləri/dəst təkər topu, mühərrik və transmissiyanın re­zin-metal dayaqları, dirsəkli val şkifi, bərabər bucaq sürətləri şarnirləri, kipləşdiricilər, sükan sütununun podşipnikləri və vtulkaları, yaylar, ressorlar, torsionlar, diyirlənmə / sürüşmə podşipnikləri, şkiflər: 3 il və ya 60 000 km-dək (hansı tez bitərsə);

 - mühərrikin asma aqreqatlarının ötürücü qayışlarının azad və dartıcı rolikləri/podşipnikləri: 3il və ya 60 000 km-dək (hansı tez bitərsə);

 - istismar dövründə təbii aşınmaya məruz qalan interyer və eks­teryer detalları (misal üçün: oturacaq örtükləri, sükan çarxı, sürət qutusu lingi/selektoru, pedalların üzlükləri, qapıların daxili örtükləri, baqaj bölməsi qapısının və kapotun daxili örtükləri, ta­vanın örtüyü, dam lyukunun dekorativ pərdəsi, salonun müxtəlif plastik, dəri, parça detalları (misal üçün, cihazlar paneli, mərkəzi konsol, dirsəkaltlıqlar və s.): avtomobili ilk sahibinə satıldığı andan 12 ay və ya 15 000 km (hansı tez bitərsə);

 - benzin nasosları, dizel yanacağı üçün nasoslar, yüksək təzyiqli yanacaq nasosları: 2 il və ya 30 000 km-dək (hansı tez bitərsə);

 

*Təbii aşınma dedikdə aşınma və ya sadəcə ətraf mühi­tin təsiri altında detalın yararlıq səviyyəsinin gözlənilən azalması nəzərdə tutulur. Aşınmanın intensivliyi və detalın uzunömürlüyü onun iş şəraitindən (yüklənmə səviyyəsi, təzyiqin kəmiyyəti, temperatur), materia­lından, tənzimlənməsindən, yağlanmasından, texniki xidmət üzrə aparılan işlərin vaxtı vaxtında və tam şəkildə görülməsindən və dəqiqliyindən, “Avtomobilin istisma­rına dair təlimat”da qeyd olunan avtomobilin istismar qaydalarına əməl olunmasından asılıdır. Təbii aşınmaya məruz qalmış detal bəzi xüsusiyyətlərini itirməklə (xa­rici görünüş, elastiklik və s.) öz təyinatına uyğun istifadə olunma mümkünlüyünü saxlaya bilər. Təbii aşınmaya həmçinin normal aşınma, çatlar, rəngin solması, ağar­ması və dəyişməsi, deformasiya, köhnəlmə və s. Aiddir

 

Zəmanət şamil olunmadığı hallar

 

Avtomobil şinləri

Avtomobilin şinlərinə KİA-nın əsas zəmanəti şamil edilmir, şinlərə zəmanət bu şinlərin istehsalçısı tərəfindən verilir.

 

Əlavə avadanlıq və aksessuarlar

İstehsalçı tərəfindən quraşdırılmayan əlavə avadanlıq və aksessuarlara Kia-nın əsas zəmanəti şamil edilmir.

 

Proqram təminatı

Proqram təminatının, qlobal mövqe təyinetmə sistemlərinin (GPS) mürəkkəbliyi və yerli yol şəbəkəsi barədə məlumatların daim yenilənməsi ilə əlaqədar bu proqram təminatının fəaliyyətinin daim və xətasız olması və ya proqram təminatı tərəfindən verilən məlumatlarda, o cümlədən istifadəçinin mövqeyi, yol şəbəkəsi və onun vəziyyəti barədə və s. məlumatlarda səhvlərin olmamasına Kia zəmanət vermir.

 

İstehsalçının nəzarətində olmayan faktorlarla bağlı zədə və ya ziyan

- Natamam və ya müvafiq olmayan xidmət nəticəsində (misal üçün, gündəlik və ya mütəmadi baxışa məhəl qoyulmama, Dövri Texniki Xidmətlərin (bundan sonra DTX) tələblərinin tam və vax­tında yerinə yetirilməməsi və ya DTX arası yürüşün 500 km və ya müddətin 30 gündən çox aşması) baş vermiş ziyan, həmçinin avtomobilin kuzovunun boyasının vaxtaşırı yoxlanmasının və aşkarlanmış defektlərin aradan qaldırılmaması nəticəsində ya­ranmış korroziya.

- “Avtomobilin istismarına dair təlimat”ın müvafiq bölmələrində göstərilmiş tələb və göstərişlərə riayət etməməsi nəticəsində dəymiş ziyan.

- Qeyri dürüst texniki xidmət, öz xassələrinə görə istehsalçı tərəfindən nəzərdə tutulanlardan fərqlənən yanacaq, yağ və sürtkü materiallarından, keyfiyyətsiz, bioloji qatqılara malik və ya etilli yanacaqdan istifadə.

- Avtomobilin yol-nəqliyyat hadisəsi, ehtiyatsız, laqeyd istismar, onu idman yarışlarında və ya yolsuzluq şəraitində istifadəsi za­manı alınmış zədələnmə.

- Avtomobilin qeyri-dürüst istismarı (bordyura qalxma, həddindən artıq yükləmə, minik avtomobillərinin yolsuzluq şəraitində istis­marı və s.). Avtomobilin düzgün istismar qaydaları “Avtomobilin istismarına dair təlimat”da əks olunub.

- Avtomobilin oğurlanması, yol-nəqliyyat hadisəsi, yanğın, sığorta hadisəsi və s.

- Yükləmə-boşaltma və ya yükün daşınması, həmçinin icazə verilən yükləmə həddini aşmaqla yüklərin daşınması nəticəsində yük bölməsinin və salonun zədələnməsi.

- Rəsmi KİA Servis Mərkəzindən kənar görülmüş təmir və ya xidmət, Kia Korporasiyası tərəfindən istifadəsinə razılıq verilməmiş de­talların istifadəsi və ya bu kimi detalların istifadəsi zamanı əlaqəli elementlərin sıradan çıxması.

- Sənaye və kimyavi tullantıların, havanın zəhərlənməsinə səbəb olan turşu və ya qələvi təbiətli əlavələrin, ağac şirələrinin, quş və heyvan­ların həyat fəaliyyəti məhsullarının, yol örtüyünün elementləri (daş, qum, duz, buzlaşmaya qarşı istifadə olunan kimyavı maddələr), yanğın, dolu, şimşək və digər təbii hadisələr kimi xarici təsir və is­tehsalçının nəzarəti altında olmayan digər faktorlar nəticəsində av­tomobilin zədələnməsi və ya detal və səthlərinin korroziyası.

- Avtomobilin konstruksiyasına dəyişikliklərin edilməsi, avadanlıqların işinə və ya elektrik sistemlərinə müdaxilə. Avtomobilin konstruksiya­sına dəyişikliklərin edilməsi nəticəsində avtomobilin elementlərinin sıradan çıxması, həmçinin avtomobil sahibinin öz təşəbbüsü və ya öz gücü ilə avtomobilin hissə və ya aqreqatlarının təmiri və ya de­montajı. Misal üçün, İstehsalçı tərəfindən nəzərdə tutulmamış və avtomobilin elektrik şəbəkəsindən qidalanan əlavə elektrik avadan­lığının quraşdırılması nəticəsində elektrik sisteminin hər hansı bir elementinin sıradan çıxması.

- Sızma və ya artmış sərfiyyatın vaxtında müəyyən edilməməsi ilə və ya ölçü cihazlarının göstəricilərinə kifayət qədər nəzarət edilməməsi ilə bağlı (o cümlədən mühərrikin normadan artıq qızması) istismar materiallarının kifayət qədər olmadan avto­mobilin idarə olunması və ya Kia-nın tövsiyə etmədiyi istismar materiallarından (o cümlədən əlavələr, aşqarlar, qatqılar) və ya keyfiyyətsiz yanacağın istifadəsi nəticəsində alınan zədələr (nasazlıqlar).

 

İstismar xərcləri

- Müxtəlif tənzimləmə işlərinin aparılması, misal üçün, əyləc və ya müfta, faraların işığının istiqamətinin, mühərrik sistemlərinin tənzimlənməsi, təkərlərin durma bucağı və balanslaşdırılması, yanacaq sisteminin yuyulması və s. ilə bağlı olan xərclər - əgər zəmanət üzrə təmir bu kimi işlərin görülməsini nəzərdə tut­mursa.

- Dövri Texniki Xidmət zamanı aparılan reqlament işləri, o cümlədən, diaqnostik və tənzimləmə işləri və bu zaman sərf olunan materiallar, avtomobili yuma və pardaxlama.

- Sərf olunan detallar: yağ, hava və ya yanacaq filtrləri. Bu de­tallar yalnız avtomobilin ilk sahibinə satıldığı andan 12 ay və ya 15 000 km (hansı tez bitərsə) ərzində sıradan çıxmanın səbəbi materialın və ya istehsalın defekti olduğu halda zəmanət üzrə dəyişdirilə bilər.

- Sərf olunan maye və sürtkü materialları: mühərrik və transmissiya yağları, həmçinin sükanın hidravlik gücləndiricisinin mayesi; əyləc və muftanın hidravlik ötürücüsünün mayesi; qatı sürtkü yağları; soyuducu maye; şüşə və faraların yuyucu mayesi; elektrolit. Adı sadalananlara zəmanət şamil olunmur. Lakin, avtomobilin hansısa elementinin və ya aqreqatının zəmanət üzrə təmir olunması və dəyişdirilməsi zamanı bu materialların dəyişdirilməsi/əlavəsi (tələb olunduğu halda) zəmanət üzrə həyata keçirilir.

- Avtomobili istifadə edə bilməmək, vaxt itkisi, köçmə, gəlirin və ya mənfəətin əldə edilməməsi ilə bağlı xərclər, həmçinin telefon danışıqları və yanacaq xərcləri.

 

Digər hallar

- Odometr göstəriciləri dəyişdirilmiş (Rəsmi Servis tərəfindən dəyişdirilmiş və bu barədə “Zəmanət və texniki xidmət” kitabçasında xüsusi qeyd aparıldığı hallar istisna olmaq şərtilə) avtomobillər və ya odometrin göstəricilərini təyin etmək mümkün olmadığı hallar.

- Kuzovun metal təbəqə panellərindən başqa istənilən detal səthinin üzərindəki korroziya.

- Kuzovun daxili elementlərinin, qapı (pəncərə) çərçivələrinin, asma elementlərinin karkaslarının lak-boya örtüyü.

- Avtomobilin normal istismarı zamanı bir biri ilə və ya sürücü və ya sərnişinlərlə təmasda olan səthlərdəki boyanın, dərinin, plastikin və ya digər materialın solması.

- Təkər disklərinin və yüklərin daşınması üçün nəzərdə tutulan qurğuların (qoşqunun qoşulması üçün nəzərdə tutulan qurğular, damdakı qövslər və s.) lak-boya örtüyü.

- Avtomobilin və/və ya onun elementlərinin istismarına və xassələrinə təsir etməyən zəif kənar səs, vibrasiyalar.

- Xarici işıqlandırma elementlərinin daxili hissələrindəki suyun kondensasiyası, “tərləmələr”.

- Yağın sərfiyyatına təsir göstərməyən kipləşdiricilərin və sıxlaşdırıcıların ərazisində əmələ gələn yağ ləkələri.

- Detalların təbii aşınması, hərəkət hissəsinin detallarının və işlənmiş qazların xaricetmə sistemi elementlərinin səthlərinin, detalların qalvanik örtüklərinin, rezin elementlərinin, salonun elementlərinin və örtüklərinin ətraf mühitin və normal istismar nəticəsində təbii köhnəlməsi.

- Əlavə avadanlığın Servis Mərkəzindən və ya Servis Mərkəzinin səlahiyyət vermiş şirkətdən kənar quraşdırılması.

- Şəxsi və ya digər mülkiyyətə dəyən ziyan.

 

DİQQƏT

“Avtomobilin istismarına dair təlimat”da, məlumatlandırıcı nəşrlərdə, rəsmi internet saytında göstərilən yanacaq sərfiyyatı standart təchizatlı avtomobilin müəyyən şəraitdə keçirilən sınaqları zamanı əldə olunan göstəricilərdir. Faktiki istismar zamanı sərfiyyat göstəricilərinin bu göstəricilərdən fərqli ola bilər. Avtomobilin mühərrikinin həcmindən və istismar şəraitindən asılı olaraq mühərrikdə az miqdarda yağ sərfiyyatı normal hal hesab edilir. Bu, nasazlıq kimi zəmanətli təmirə iddia üçün əsas ola bilməz.

 

Kuzovun lak-boya örtüyü və korroziya ilə bağlı zəmanət

Zəmanət öhdəlikləri

Kia Korporasiyası istismar və texniki xidmət tələblərinə riayət olunması təqdirdə avtomobilinizin kuzovunun metal təbəqə panellərində (kapot, dam, baqaj bölməsinin qapısı, qanadlar, qa­pılar) korroziya səbəbindən (daxildən çölə deşib keçən paslanma) deşib keçən dəliklərin yaranmasına gətirib çıxara biləcək material və ya istehsal defektlərinin olmamasına zəmanət verir.

 

Zəmanət müddəti

Avtomobil birinci sahibinə satıldığı tarixdən başlayaraq 5 il və ya 150 000 km (hansı daha tez bitərsə) müddətdə kuzovun metal təbəqə panellərində deşib keçən korroziyanın və lak-boya örtüyündə defektlərin (boya axmaları, qopmaları, rəngin dəyişməsi) olmayacağına zəmanət verilir.

 

Zəmanət şamil olunmadığı hallar

- Sənaye və kimyavi tullantıların, kimyavi birləşmələrin (turşu­lar, qələvilər və s.), təbiət hadisələrinin (turşu tərkibli yağışlar, dolu, tufan və s.), aqressiv mühitin (yüksək rütubət, dəniz iq­limi, dəniz suyu və s.), üzvi birləşmələrin (ağac şirəsi, quş və heyvanların həyat fəaliyyəti məhsulları və s.), yol-nəqliyyat hadisəsinin, mexaniki amillərin (daş, qum, çınqıl, qranit qırıntısı və s.) təsiri və ya avtomobilin konstruksiyasına dəyişikliklərin edilməsi nəticəsində yaranmış kuzovun və ya lak-boya örtüyü­nün istənilən deşib keçən zədələnməsi.

- Materialın və ya istehsalın xətası nəticəsində yox, avtomobil sahibinin  “Zəmanət və texniki xidmət” kitabçasında və “Av­tomobilin istismarına dair təlimat”da qeyd olunmuş istismar və texniki xidmət qaydalarına riayət olunmaması nəticəsində ya­ranmış kuzovun və ya lak-boya örtüyünün istənilən deşib keçən zədələnməsi.

- Qeyri orijinal (saxta) və ya işlənmiş ehtiyat hissələrinin istifadəsi və ya müvafiq texnologiyalara və materiallara dair tələblərə riayət olunmadan həyata keçirilmiş qeyri peşəkar dəmirçi və boyama işləri nəticəsində yaranmış kuzovun və ya lak-boya ör­tüyünün istənilən deşib keçən zədələnməsi.

- Kia avtomobilinin qeyri dürüst istismarı və ya DTX zamanı ku­zova baxiş keçirilməsindən yayınma nəticəsində kuzovda və ya lak-boya örtüyündə yaranmış istənilən deşib keçən zədələnmə.

- Deşib keçən zədələnməyə (daxildən çölə deşib keçən paslanma) gətirib çıxarmayan istənilən korroziya.

- Kuzovun metal təbəqə paneli olmayan (misal üçün, avtomobi­lin xaricetmə sisteminə daxil istənilən detal) Kia avtomobilinin istənilən detalının korroziyası.

- Material və ya istehsalın xətası nəticəsində yox, birbaşa avto­mobilin istismarı zamanı lak-boya örtüyündə yaranmış istənilən zədələr (cızıqlar, qopmalar və s.).

 

Zəmanətin qüvvədə qalmasının şərtləri

Kia-nın kuzovun lak-boya örtüyünə və korroziya ilə bağlı zəmanətin qüvvədə qalmasının əsas şərti - hər bir Dövri Texniki Xidmət zamanı kuzova baxışın keçirilməsi və bu barədə “Zəmanət və texniki xidmət” kitabçasında müvafiq qeydlərin edilməsidir. Kuzova baxış zamanı Servis Mərkəzinin mütəxəssisləri kuzovun vəziyyətini və müvafiq işlərin görülməsinin vacibliyini müəyyən etməlidir. Onlar xarici təsir nəticəsində yaranmış (boyanın cızığı, çatı, qopması) və gələcəkdə korroziya mənbəyi ola biləcək nasaz­lıqlar barədə avtomobilin sahibini məlumatlandırmalı və bu barədə “Zəmanət və texniki xidmət” kitabçasında müvafiq qeydlər apar­malıdırlar. Avtomobilin sahibi məlumatlandırıldığı tarixdən bir ay­dan gec olmamaq şərtilə, qeyd olunan nasazlıqların öz hesabına aradan qaldırılması üçün Servis Mərkəzinə müraciət etməlidir.

Diqqət!

Kuzovun  lak-boya örtüyünə və korroziya ilə bağlı zəmanət üzrə görülən təmir işləri zəmanət müddətinin artırılmasını nəzərdə tutmur.

 

Avtomobil sahibinin məsuliyyəti və öhdəlikləri

Kuzova baxışın və profilaktik təmirin vaxtında həyata keçirilməsini avtomobil sahibi təmin etməlidir.

Avtomobil sahibi mütəmadi olaraq kuzova baxış keçirməli və lak-boya örtüyünün və ya korroziyanın qarşısını almaq üçün nəzərdə tutulmuş təbəqənin zədələnməsini (qopmalar, cızıqlar və s.) aşkar etdikdə, onların aradan qaldırılması üçün dərhal lazımi tədbirlər görməlidir.

Avtomobilinizin kuzovunda korroziya mənbəsi yaranmasın deyə, aşağıdakı tövsiyələrə əməl edin.

- Avtomobili dəniz sahilinə yaxın və ya buzlanmaya qarşı duz və ya müxtəlif kimyavi reagentlərdən istifadə olunan yollarda istifadə edirsinizsə, ayda bir dəfədən az olmayaraq avtomobili, xüsusən də onun alt hissəsini və təkər arkalarını əsaslı sürətdə yuyun.

- Avtomobil kuzovundakı suyun axıb getməsi üçün nəzərdə tutul­muş drenaj dəliklərinin palçıq, yarpaq və s. buna bənzər şeylərlə tutulmamasına nəzarət edin.

- Avtomobili qumlu (xırda çınqıllı), torpaq yollarda, yolsuzluq şəraitində, palçıqda və s. istifadə etdikdə, əlavə qoruyucu palçıq önləyicilərinin quraşdırılması tövsiyə olunur.

- Kuzovun korroziyasına səbəb ola biləcək hər hansı bir zədələnmə baş verərsə, dərhal lazımi təmir həyata keçirin.

Kuzova baxışla bağlı şərtlərin yerinə yetirilməməsi kuzovun lak-boya və korroziyası ilə bağlı zəmanətin itirilməsinə gətirib çıxarır. Baxışa təqdim olunan avtomobil təmiz olmalıdır.

 

Diqqət!

Dövri Texniki Xidmət zamanı Dilerdən kuzovun lak-boya ör­tüyünün vəziyyəti ilə bağlı Zəmanət kitabçasının müvafiq bölməsində qeydlərin edilməsini tələb edin, çünki, bu kimi qeydlər olmadıqda, avtomobilin sahibi kuzovun lak-boya örtüyü və korroziya ilə bağlı zəmanətindən məhrum ola bilər.

Avtomobil texniki cəhətdən mürəkkəb məhsul olduğundan, ona şamil olunan zəmanət yalnız düzgün istismar və texniki xidmət edildikdə qüvvədə qalmış olur. Avtomobilinizə şamil olunan zəmanətin qüvvədə qalması üçün “Avtomobilin istismarına dair təlimat”da və bu “Zəmanət və texniki xidmət” kitabçasında qeyd olunan tələblərə riayət edin. Texniki xidmət və təmir işlərini yalnız Kia avtomobillərinin xidməti üçün nəzərdə tutulmuş xüsusi avadanlıq, alətlər və proqram təminatına malik rəsmi KİA Servis Mərkəzlərində həyata keçirin.

 

Ehtiyat hissələri və aksessuarlara zəmanət

Zəmanət öhdəlikləri

Kia Korporasiyası istismar və texniki xidmət tələblərinə riayət olunması təqdirdə orijinal ehtiyat hissələrində və aksessuarlarda material və ya istehsal defektlərinin olmamasına zəmanət verir.

Bu zəmanət Rəsmi Diler, Servis Mərkəzi, rəsmi ehtiyat hissələri mağazalarından alınmış və rəsmi Servis Mərkəzində avtomobilə quraşdırılmış ehtiyat hissələrinə və aksessuarlara şamil olunur.

Ehtiyat hissəsində və ya aksessuarda istehsalçının günahından yaranan defekt aşkarlanarsa o, pulsuz təmir olunacaq və ya əvəz ediləcək.

 

Zəmanət müddəti

Zəmanət müddəti zamanı təmir olunmuş və ya dəyişdirilmiş eh­tiyat hissələrinə, aqreqatlara və aksessuarlara zəmanət müddəti avtomobilin əsas zəmanət müddətinin sonunadək (əgər detala “Zəmanət və texniki xidmət” kitabçasında daha az zəmanət müddəti nəzərdə tutulmayıbsa) təyin olunur.

Zəmanət işləri çərçivəsində dəyişdirilmiş detallar Rəsmi Distribüto­run mülkiyyətinə keçir.

Kia-nın orijinal ehtiyat hissələrinə və aksessuarlarına (bu “Zəmanət və texniki xidmət” kitabçasında daha az zəmanət müddəti təyin olunmuş detallar istisna olmaq şərtilə) zəmanət müddəti bitmiş və ya ləğv edilmiş avtomobilə quraşdırıldığı andan başlayaraq 1 il və ya 20 000 km müddətinə (hansı tez bitərsə) zəmanət verilir. Ehtiyat hissəsi və ya aksessuar rəsmi Servis Mərkəzində quraş­dırılmışdırsa, bu halda, onun dəyişdirilməsi/yenidən quraşdırılması ödənişsiz həyata keçirilir. Əks halda, dəyişdirilmə/yenidən quraşdı­rılma müştərinin hesabına həyata keçirilir.

 

Zəmanət şamil olunmadığı hallar

- Yol-nəqliyyat hadisəsi, səhlənkarlıq, təmir və ya tənzimləmə işlərinin düzgün yerinə yetirilməməsi, avtomobilin konstruksiya­sına dəyişikliklərin edilməsi, düzgün istismar olunmaması, isteh­salçının tövsiyələrinə uyğun olmayan texniki mayelərin və yağların istifadəsi, Dövri Texniki Xidmət qrafikinə əməl olunmaması və ya pozulması nəticəsində əmələ gəlmiş zədələnmələr və ya korroziya.

- Ətraf mühitin (misal üçün, turşu tərkibli yağışlar, dəniz iqlimi, yüksək rütubət və s.), daş, duz, qum, çınqıl və yol səthindəki çala və nahamarlıqların, təbii hadisələrin və fəlakətlərin (tufan, qasırğa, fır­tına, şimşək, yanğın və s.) nəticəsində əmələ gəlmiş zədələnmələr və ya korroziya.

- Təbii aşınma və köhnəlmə (misal üçün, rəngin solması, dəyişməsi, deformasiya, çat və s.).

- Təyinatına görə istifadə olunmayan və həmçinin düzgün quraşdı­rılmayan və ya quraşdırılma texnologiyasına əməl olunmadan qu­raşdırılan ehtiyat hissələri və aksessuarlar.

- Odometr göstəriciləri dəyişdirilmiş və ya həqiqi yürüşünü təyin etmək mümkün olmayan avtomobillərə quraşdırılan ehtiyat hissələri və aksessuarlar.

- Alış və ya dəyişdirilmə tarixini müəyyən etmək mümkün olmayan ehtiyat hissələri və aksessuarlar.

- Rəsmi Kia Dilerindən alınmayan ehtiyat hissələri və aksessuarlar.

 

Avtomobil sahibinin nəzərinə

Siz texniki cəhətdən mürəkkəb məhsul olan avtomobil sahibi ol­musunuz. Onun Sizə etibarlı və problemsiz xidmət etməyi üçün, Siz aşağıdakı şərtlərə əməl etməlisiniz:

Hər gün dayanma yerindən hərəkətə başlamazdan əvvəl avtomobilə baxış keçirməli və aşkarlanmış çatışmamazlıqları ara­dan qaldırmalısınız.

Gündəlik baxış zamanı bunlara fikir verilməlidir:

- sürtkü materiallarının sızmasını bildirən ləkələrin olması;

- avtomobilin xarici görünüşü və boya örtüyünün vəziyyəti;

- soyutma mayesinin səviyyəsi;

- mühərrikdəki yağın səviyyəsi;

- əyləc mayesinin səviyyəsi;

- şinlərin vəziyyəti və onlardakı havanın təzyiqi;

- işıqlandırma avadanlığının, nəzarət-ölçmə cihazlarının, işıq və səs siqnallarının, şüşətəmizləyənin və şüşəyuyanın sazlığı.

 

Mütəmadi olaraq avtomobilin yuyulmasını və drenaj dəliklərinin təmizlənməsini həyata keçirməlisiniz. Avtomobil duz səpilən yol­larda və ya dəniz qırağında istismar olunursa, ayda bir dəfədən az olmayaraq avtomobilin altını yumalısınız.

 

Dövri Texniki Xidmətin keçmə reqlamenti yürüş və müddətdən asılıdır. Dövri Texniki Xidmət benzin mühərrikli avtomobillər üçün hər 7 500 km-dən və ya 6 aydan bir (hansı tez bitərsə), dizel mühərrikli avtomobillər üçün isə 5 000 km-dən və ya 6 aydan bir (hansı tez bitərsə) həyata keçirilməlidir. Əks təqdirdə, avtomobilə şamil olunan istehsalçı zəmanəti məhdudlaşdırılacaq və ya ləğv olunacaq.

 

Zəmanət üzrə işlərin görülməsi üçün Siz Servis Mərkəzinə içərisində Dövri Texniki Xidmət üzrə işlərin vaxtı-vaxtında görülməsini təsdiqləyən, doldurulmuş və möhürlənmiş blankla­rı özündə cəmləşdirən “Zəmanət və texniki xidmət” kitabçasını təqdim etməlisiniz. Rəsmi Servis Mərkəzlərin siyahısı www.kia.az saytında təqdim olunub.

 

Zəmanət şərtləri qeydiyyatdan keçmiş və Kia-nın qaydalarına uyğun Azərbaycan Respublikası ərazisində istismar olunan Kia avtomobillərinə şamil olunur. Zəmanət müddəti ərzində zəmanət öhdəlikləri avtomobilin növbəti sahibinə (sahiblərinə) keçə bilər. Bunun üçün avtomobilin yeni sahibi “Zəmanət və texni­ki xidmət” kitabçası ilə birgə rəsmi Servis Mərkəzinə müraciət etməlidir. Yaşayış ünvanınız, telefon nömrələriniz dəyişdikdə və ya avtomobili digər şəxsə satdıqda, Kia Dilerinizi bu barədə məlumatlandırmağınızı xahiş edirik.

 

Rəsmi Servis Mərkəzlərimizin “Daim Xidmətinizdə” devizindən bəlli olduğu kimi, fəaliyyətimizin əsas məqsədi - tam müştəri məmnuniyyətinə nail olmaqdır. Bütün rəsmi KİA Servis Mərkəzləri Sizin avtomobilinizin daim saz vəziyyətdə saxlanılması üçün bü­tün lazımi biliklərə və avadanlıqlara malikdir. Əgər Sizin hansı­sa suallarınız və ya avtomobilə göstərilən xidmətin və ya Servis Mərkəzinin işinin yaxşılaşdırılmasına dair təklifləriniz yaranırsa, Servis Mərkəzinin personalına və ya rəhbərliyinə müraciət edin. Əgər hansısa səbəbdən yaranmış məsələ öz həllini tapmamış­sa, Siz www.kia.az saytında “Bizimlə əlaqə” bölməsindəki onlayn formadan (Satışdan sonra xidmət) istifadə edərək birbaşa Rəsmi Distribütora müraciət edə bilərsiniz.

Müraciət zamanı aşağıdakı məlumatın göndərilməsi xahiş olunur:

1. Adınız, soyadınız, e-mail və telefon nömrəniz;

2. Avtomobilinizin modeli;

3. Avtomobilinizin identifikasiya kodu (VİN-kod);

4. Avtomobilinizin alınma tarixi;

5. Dilerin (Servis Mərkəzinin) adı və ya ünvanı.

Ən qısa bir zamanda müraciətinizlə bağlı Sizinlə əlaqə saxlanıla­caq.

 

Təlimatlandırma

Avtomobili Sizə təhvil verməzdən öncə, rəsmi Diler Sizin avtomo­bilin quruluşu və idarə olunması ilə tanış olduğunuza əmin olmalı­dır. Bunun üçün Dilerin nümayəndəsi Sizə:

•avtomobilin bütün idarəetmə elementlərinin iş prinsipini izah etməli, onların Siz tərəfdən yoxlanmasına imkan yaratmalıdır

•avtomobil və onun sahibi barədə məlumatları “Zəmanət və tex­niki xidmət” kitabçasının müvafiq bölmələrində qeyd etməlidir

•Sizə “Avtomobilin istismarına dair təlimat”ın çatdığına əmin ol­malı və Dövri Texniki Xidmət üzrə tələbləri izah etməlidir

•“Zəmanət və texniki xidmət” kitabçasında yazılan yeni avtomobillərə aid Kia korporasiyasının zəmanət şərtlərini izah etməlidir

Yuxarıda qeyd olunan məlumatlarla tanış olduqdan sonra Siz “Zəmanət və texniki xidmət” kitabçasının müvafiq bölməsini im­zalamalısınız.

 

“Zəmanət və texniki xidmət” kitabçasının 17-ci səhifəsində zəmanət öhdəlikləri və şərtləri və avtomobilin istismar qaydaları izah olunduğunu təsdiqləyən imza olmadıqda Diler (Servis Mərkəzi) avtomobil sahibinə zəmanət üzrə xidmətin göstərilməsindən im­tina edə bilər.

 

Məhdudlaşdırılmış məsuliyyət

Kia Korporasiyasının bu zəmanətlə öhdəliyi yalnız material və ya istehsal defekti olan detalların təmiri və ya dəyişdirilməsi ilə məhdudlaşır və avtomobilin zəmanət üzrə təmiri zamanı avtomobildən istifadə edə bilməmək, vaxt itkisi, köçmə, telefon danışıqları xərcləri, yanacaq xərcləri, gəlir və ya mənfəətin əldə olunmaması və digər bu kimi xərcləri qarşılamır.